ADA Universiteti “Bakı Fond Birjası” QSC ilə əməkdaşlıq edəcək

ADA Universiteti “Bakı Fond Birjası” QSC ilə əməkdaşlıq edəcək

ADA Universiteti ilə “Bakı Fond Birjası” QSC arasında əməkdaşlıq prinsiplərinə dair anlaşma memorandumu imzalanıb.

Sənədi ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov imzalayıblar.

Memorandum ADA Universitetinin tələbələrinin təhsil və karyera inkişafı üzrə sıx əməkdaşlığın təmin edilməsini və səylərin birləşdirilməsini nəzərdə tutur. Razılaşmaya əsasən, Bakı Fond Birjası tələbələr üçün müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyaları, istehsalat və könüllü təcrübə proqramları təşkil edəcək.

“Biz bu əməkdaşlıqla tələbələrimizə real iş mühitini görmələri və peşəkarlardan dəyərli fikirlər və təcrübələr əldə etmələri üçün şərait yaradırıq. Biz həm də tələbələrimizi dərsliklərdən kənara çıxan öyrənmə metodları ilə tanış edir, onları mütəmadi dəyişən və inkişaf edən sahələrdə uğura hazırlayırıq”, - deyə Fariz İsmayılzadə qeyd edib.

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib ki, memorandumda, həmçinin təhsil müəssisəsinin irəli sürdüyü layihələrə şirkət tərəfindən dəstəyin verilməsi və şirkət əməkdaşlarının bu cür tədbirlərdə qonaq spiker qismində iştirak etməsi nəzərdə tutulub.

Qeyd edək ki, memorandum çərçivəsində birjanın təşkilatçılığı ilə tələbələr üçün Bakı Fond Birjasının ofis binasına və ya başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların təşkil edilməsi və müxtəlif müsabiqələrin keçirilməsi nəzərdə tutulub.